İnformasiya iqtisadiyyatı problemləri üzrə elmi məqalə nüfuzlu jurnalda nəşr olunub 2017-07-26 17:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik  Rasim Əliquliyev, institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və qurumun elmi işçisi Vüsalə Abbasovanın həmmüəllif olduqları “Beynəlxalq informasiya və bilik iqtisadiyyatının formalaşma xüsusiyyətləri və inkişaf tendensiyalarının  araşdırılması” (The study of formation characteristics and development tendencies of international information and knowledge economy) adlı məqalə dünyanın nüfuzlu “Review of knowledge economy” jurnalında nəşr olunub.

Məqalədə ümumdünya iqtisadi sistemlərin xüsusiyyətləri və formalaşma mərhələləri izah olunmuşdur. İnformasiya, sənaye və bilik iqtisadiyyatı kateqoriyalarının  formalaşmasının fərqli cəhətləri verilmiş, onun  mahiyyəti və məzmununa olan yanaşmalar təhlil edilmişdir. İnformasiya və biliyin xüsusiyyətləri, transformasiya üsulları  və idarə olunması sistemləri araşdırılmışdır. İnformasiya və bilik iqtisadiyyatının formalaşması xüsusiyyətləri və inkişaf tendensiyalarının təhlili əsasında müvafiq tövsiyələr işlənilmişdir.

Qeyd edək ki, “The Pak Publishing Group” elmi bazasına daxil olan “Review of knowledge economy” jurnalı ABŞ-ın “Ulrichs Web Global Serials Directory”, Çinin “CNKI Scholar”, “China Citations Database”, Almaniyanın “Q-Sensei”, İsveçrənin“HINARI”, “Scilit”, Rusiyanın “Socionet”, “SPZ” kimi nüfuzlu bazalarında indeksləşib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024