Beynəlxalq Kosmik Stansiyaya virtual tur 2017-07-25 14:00:00 / MARAQLI MƏLUMATLAR

İndi İnternet şəbəkəsindən uzaqlaşmadan Beynəlxalq Kosmik Stansiyada (BKS) olmaq və özünü əsl astronavt kimi hiss etmək mümkündür. Belə ki, Google Street View xidməti Beynəlxalq Kosmik Stansiyaya virtual tur etmək imkanını təqdim edib. 

www.popmech.ru saytının verdiyi məlumata görə, Avropa Kosmik Agentliyinin astronavtı Tomas Peske Beynəlxalq Kosmik Stansiyada olduğu yarım il müddətində Google üçün stansiyanın interyerinin fotolarını çəkib.

Adətən, Google-un mütəxəssisləri Google Street View üçün panorama çəkmək məqsədilə çoxkameralı çəkilişi həyata keçirən avadanlıqdan istifadə edirdilər. Lakin bu üsul kosmosa göndərilmə üçün çox ağır və baha başa gəlirdi. Bu səbəbdən, Google NASA mütəxəssisləri ilə birgə başqa çəkiliş üsulu haqqında fikirləşdilər. Onların köməyinə stansiyada yerləşən adi güzgü kamerası və başqa avadanlıqlar çatdı. Bundan sonra, Tomas Peske çoxsaylı şəkillər çəkərək, onları Google-a təqdim etdi. Şirkət mütəxəssisləri isə öz növbəsində bu şəkilləri bir-birinə “calayaraq” BKS üzrə virtual tur yaratdılar. 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023