Texnoparkların səmərəli idarə olunması üzrə dissertasiya işi müzakirə olundu 2017-07-24 15:00:00 / ELMİ İCLASLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 8 saylı şöbənin digər müvafiq şöbələrlə birgə  növbəti elmi seminarı keçirildi. İclas şöbənin dissertantı Roza Şahverdiyevanın “Texnoparkların təşkili və fəaliyyətinin səmərəli idarə olunması üzrə model və metodların  işlənilməsi” mövzusunda dissertasiya işinin müzakirəsinə həsr olunmuşdur. Öncə şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev elmi rəhbəri olduğu R.Şahverdiyevanın dissertasiya işi haqqında ətaflı məlumat verdi. Qeyd etdi ki, işin əsas məqsədi informasiya iqtisadiyyatı şəraitində müasir İKT-nin, riyazi metod və modellərin tətbiqiylə innovativ texnoparkların yaradılması, fəaliyyətinin təşkili və idarə olunması proseslərin səmərəliliyini artırmaq istiqamətində model və metodların, alqoritm və mexanizmlərin işlənilməsidir.

Sonra R.Şahverdiyeva dissertasiya mövzusu üzrə məruzəni təqdim edərək dissertasiya işinin fəsilləri, strukturu və həcmi, çap olunmuş elmi əsərlərin sayı haqında geniş məlumat verdi.

O,  “Texnoparkların formalaşma tendensiyaları,  mərhələləri və müasir  xüsusiyyətlərinin təhlili”ndən bəhs edən I fəsildə texnoparkların yaradılması məqsədləri, fəaliyyətinin əsas istiqamətləri, formalaşma mərhələləri, təşkilati formaları, fəaliyyətinin təşkilinin normativ hüquqi  aspektləri, formalaşmasının ilkin ictimai-iqtisadi şərtlərinin təhlil olunduğunu diqqətə çatdırdı.

Texnoparklar Assosasiyası və onun məlumatları əsasında həmin elmi parkların qabaqcıl ölkələr üzrə paylanması, fəaliyyət istiqamətləri, təyinatı, məqsəd-vəzifələri haqqında dəqiq təhlillərin aparılması haqqında məlumat verdi. Bildirdi ki, dünyanın inkişaf etmiş ölkə texnoparkları daha çox İKT və telekommunikasiya, biotexnologiya, ətraf mühit və ekologiya, səhiyyə, əczaçılıq, enerji, elektronika və s. kimi ixtisaslaşma istiqamətlərinə malikdirlər.

Texnoparklarda innovasiya prosesi və fəaliyyətinin struktur mərhələləri, eləcə də texnoparkların idarə edilməsində mövcud olan ən vacib problemləri diqqətə çatdırdı.

“Texnoparkların  yaradılması və  fəaliyyətinin effektiv təşkilində innovativ layihələrin seçilməsi və qiymətləndirilməsi modelləri  və alqoritmləri” adlanan II fəsildə texnoparkların  yaradılması prosesində və fəaliyyətinin təşkilində yerinə yetirilən innovativ layihələrin  mahiyyəti, məzmunu, formalaşmasının metodoloji aspektləri, struktur göstəricilərinin müqayisəli şəkildə təhlilinin aparıldığını dedi.

Məruzəçi innovasiya layihələrinin  klassifikasiyası, işlənilməsi, yerinə yetirilmə mərhələləri  və seçim kriteriyalarının müəyyənləşdirildiyini bildirdi. İnnovasiya layihələrinin seçilməsi üzrə müvafiq modellər, kriteriyaların çəki əmsallarının müəyyənləşdirilməsi və layihənin yekun qiymətləndirilməsi üçün müvafiq alqoritmlərin işlənildiyini diqqətə çatdırdı. 

“Texnoparkların  fəaliyyətinin effektiv idarə olunması üzrə model və metodların işlənilməsi” adlanan üçüncü fəsildə  texnoparkların fəaliyyət  səmərəliliyinin  qiymətləndirilməsi üzrə təhlil olunan metodoloji yanaşmalar haqqında məlumat verdi. Texnoparkların fəaliyyətinin  idarə olunması və onun intellektual idarəetmə sisteminin konseptual struktur modellərinin işlənildiyi diqqətə çatdırdı.

R.Şahverdiyeva texnoparkların  effektiv idarə olunması və fəaliyyətinin qiymətləndirilməsi  üzrə  işlənilmiş göstəricilər və kriteriyalar sistemi, onun  əsasında təklif edilmiş texnoparkın informasiya modeli haqqında da məlumat verdi. Onun  idarə olunmasının təklif olunmuş ümumi riyazi modeli və innovativ məhsul/xidmət buraxılışının qurulmuş çoxfaktorlu reqressiya modelini diqqətə çatdırdı. Texnoparkın fəaliyyətinin müqayisəli qiymətləndirilməsi üzrə kompozit indikatorlar sisteminin təklif olunduğu və həmin kompozit indeks əsasında onun kompleks fəaliyyətinin müqayisəli qiymətləndirilməsi metodikasının  işlənildiyi bildirdi.   

Sonra məruzəçi “Təklif olunmuş metod və modellərin realizasiyası nəticəsində  texnoparkların  yaradılması və effektiv idarə olunması üzrə tövsiyyələrin işlənilməsi” adlanan dördüncü fəsil haqqında məlumat verdi. Qeyd etdi ki, müxtəlif innovativ layihələrin qymətləndirilməsi üçün istifadə olunan ekspert  şkalası təklif olunmuş, texnoparklarda informasiya təminatının təkmilləşdirilməsinin perspektivləri araşdırılmışdır.

O, dissertasiya işinin əsas elmi-nəzəri  və praktiki nəticələri haqqında məlumat verərək ümumilikdə 20-dən çox beynəlxalq və respublika səviyyəli elmi konfranslarda  müzakirə olunduğunu, mövzu üzrə 20-dən çox elmi işin nəşr edildiyini dedi. Bildirdi ki, məqalələrdən 2-si Web of Science (Thomson Reuters)  bazasında,  11-i digər beynəlxalq elmi bazalarda indeksləşdirilmiş, qalanları isə ölkənin AAK-ın tövsiyyə etdiyi jurnallarında nəşr olunmuşdur.

Sonda məruzə ətrafında geniş müzakirələr aparıldı, çoxsaylı suallar cavablandırıldı.  Seminarda göstərilən irad və təkliflər nəzərə alınmaqla dissertasiya işinin növbəti mərhələyə təqdim olunması tövsiyə edildi.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017