Müasir İKT yenilikləri haqqında məruzə dinlənildi 2017-07-05 12:00:00 / ELMİ İCLASLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarının növbəti iclasında müasir İKT yeniliklərinə dair məruzə dinlənildi. Yeni texnoloji məhsullar haqqında məlumat verən AzScienceNet şəbəkəsinin Data Mərkəzinin administratoru Tural Mustafayev hücum mövqeyinin gücləndirilməsi üçün yapon milli voleybol komandasının istifadəsinə verilmiş robotlardan söz açdı. Bildirdi ki, müdafiə-blok funksiyasını yerinə yetirən robotlar saniyədə 3,7 metr reaksiya göstərirlər. İnsanlardan sürətli olan bu qurğular voleybolçuların dəqiqlik göstəricilərinin artmasına səbəb olurlar. Bu robotların hələ ki, yalnız əvvəldən müəyyən olunmuş 10-15 düzülüş əsasında istifadə olunduğunu söyləyən məruzəçi gələcəkdə onların hərəkət detektorlarının köməyi ilə təkmilləşdirilməsinin planlaşdırıldığını qeyd etdi.

Həm yerdə hərəkət etmək, həm də uçmaq imkanına malik aeromobil barədə danışan məruzəçi hərəkət sürəti 160 km/saat-a bərabər olan aeromobilin 2020-ci ildə kütləvi satışa çıxarılacağını və satış qiymətinin 1,2-1,6 milyon ABŞ dolları arasında olmasının nəzərdə tutulduğunu bildirdi.  

T.Mustafayev “Kickstarter” platformasında təqdim olunmuş, “ağıllı” qol saatlarının xüsusiyyətlərini özündə birləşdirən “SGNL Smart strap” qurğusunu təqdim etdi. Onun sözlərinə görə, qulaqcıqlardan istifadə etmədən telefonla danışmağa imkan verən bu qurğu vasitəsilə səs siqnalları insanın qolundan vibrasiya ilə barmaqlara, oradan isə qulağa ötürülür. Qurğu telefona bluetooth vasitəsilə qoşulur. “İndiegogo” saytında öncədən sifariş verməklə satış qiyməti 149 dollar təşkil edir. O, həmçinin qeyd etdi ki, bu layihəyə 50 min dollar hədəf qoyulsa da, o, artıq 1,4 milyon dollar dəstək toplayıb.

“Youtube” istifadəçisi tərəfindən hazırlanmış Virtual Reallıq yarış qurğusu haqqında məlumat verən T.Mustafayev bu qurğunun kompüter oyunları oynamaq üçün hazırlanmasına baxmayaraq gələcəkdə real təlim simulyatoru kimi modernləşdirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırdı. Quraşdırılması 25 min dollara başa gələn avadanlığın yaxın zamanda oyun salonlarında da istifadə olunacağı güman olunur.

O, həmçinin İsveçrədə yerləşən texniki məktəbin şagirdləri tərəfindən hazırlanmış, fiziki məhdudiyyətli insanların pilləkənləri asanlıqla qalxmasına imkan verən əlil arabaları, havada 10 dəqiqə uçan “Jetpack”, daşınabilən “Amazon Mobile datacenter”, Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış “C Learn” proqram platforması və s. İKT yenilikləri barədə ətraflı məlumat verdi.

Məruzə tədbir iştirakçılarının böyük marağına səbəb oldu. 

Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023