Dissertasiya şurasının elmi seminarının növbəti iclası keçirildi 2017-06-28 17:00:00 / ELMİ İCLASLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya şurasının elmi seminarının növbəti iclası keçirildi. AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədovanın sədrliyi və müxbir üzv, texnika elmləri doktoru Ramiz Alıquliyevin elmi katibliyi ilə keçirilən tədbir 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə dissertasiya işlərinin müzakirəsinə həsr olunmuşdur. 

Öncə dissertant Ramin Səmədov “Hesablama buludları mühitində paylanmış informasiyanın emalı alqoritmlərinin və proqram vasitələrinin işlənməsi” mövzusunda dissertasiya işini təqdim edərək bu mövzunun müasir dövrdə aktuallıq kəsb etdiyini bildirdi. Qeyd etdi ki, tədqiqat zamanı hesablama buludları mühitində paylanmış informasiyanın emalı zamanı səmərəlik, təhlükəsizlik və effektivliyi artıran alqoritmlər və proqram təminatı işlənmişdir. Dissertasiya işində hesablama buludları mühitinə sistemin tam rezerv nüsxəsinin göndərilməsi alqoritmindən istifadə olunmuşdur. Alınmış elmi nəticələrin yoxlanılması üçün eksperimental işlər aparılmışdır.

Sonra Şəlalə Cəfərova “Qeyri-səlis cəbri petri şəbəkəsinin tətbiqi ilə çevik istehsal sisteminin modelləşdirilməsi” mövzusunda dissertasiya işini təqdim etdi. Tədqiqatçının sözlərinə görə, dissertasiya işində qeyri-müəyyənlik, qeyri-səlislik, zaman, resurs və digər məhdudiyyət şərtləri daxilində fəaliyyətdə olan paralel proseslərin modelləşdirilməsi üzrə müasir vəziyyətin təhlili aparılmışdır. Paralel proseslərin qeyri-səlis produksiya modelinin qeyri-səlis petri şəbəkəsinin müxtəlif genişlənmələri şəklində təsviri və analizi alqoritmləri işlənmişdir.

Sonra iddiaçılar Dissertasiya şurası üzvlərinin suallarını cavablandırdılar.

Texnika elmləri doktoru, professor Bayram İbrahimov, texnika üzrə fəlsəfə doktoru Fədai Gəncəliyev, texnika elmləri doktoru, professor İsmayıl İsmayılov, texnika üzrə fəlsəfə doktoru Zəfər Cəfərov mövzulara dair rəyləri nəzərə çatdırdılar, iddiaçılara irad və təkliflərini bildirdilər.

Sonda dissertasiya işləri ilə bağlı müzakirələr aparıldı. Müzakirələrdə iştirak edən texnika elmləri doktorları Ramiz Alıquliyev,Məsumə Məmmədova, Bayram İbrahimov, texnika üzrə fəlsəfə doktorları, dosentlər Şəfəqət MahmudovaMəkrufə Hacırəhimova və digərləri dissertasiya işlərinin aktuallığını önə çəkərək, onların müvafiq elm sahəsi üçün böyük əhəmiyyət kəsb etdiyi bildirdilər.

Sonda səsvermə keçirildi və iddiaçıların növbəti mərhələyə keçirilməsi tövsiyə olundu. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017