İnformasiya texnologiyalarının korpus linqvistikasında tətbiqi məsələləri müzakirə olundu 2017-06-09 11:00:00 / ELMİ İCLASLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 5 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi.

“İnformasiya texnologiyalarının korpus linqvistikasında tətbiqi” mövzusunda məruzəni təqdim edən institutun əməkdaşı Xanım Kərimova informasiya texnologiyalarının aparat və proqram təminatı, linqvistik verilənlər, linqvistin Avtomatlaşdırılmış İş Yerləri, korpus linqvistikası, milli korpuslar və s. haqqında ətraflı məlumat verdi.

O, linqvistik verilənlərin avtomatik emalı üçün zəruri olan aparat, proqram və linqvistik vasitələrin birlikdə linqvistin Avtomatlaşdırılmış İş Yerlərini təşkil etdiyini diqqətə çatdırdı. 

“Linqvistikanın mühüm məsələlərindən biri  linqvistik tədqiqatlar üçün materialların mənbəyinin toplanması və saxlanılmasıdır”, – deyə bildirən məruzəçi bu məsələlərin həlli üçün elektron şəkildə saxlanılması daha münasib olan ən müxtəlif böyük həcmli mətnlər toplusundan istifadə olunduğunu qeyd etdi.

X. Kərimova linqvistik korpusların kompüter vasitəsilə istifadəsi və ümumi prinsiplərinin işlənib hazırlanması ilə məşğul olan korpus linqvistikası və korpuslardan istifadə qaydaları barədə də danışdı.

Korpusun yaradılmasında mətnlərin seçimi zamanı təmsil olunmuş korpus, materialın strukturlaşdırılması, dolğunluq, səmərəlilik, kompüter dəstəyi və s. kimi tələblərə əməl olunmasının vacibliyini bildirdi.

O, həmçinin müxtəlif dillər üçün universal milli korpuslardan söz açdı, bu  korpusların yaradılması və genişləndirilməsinin korpus linqvistikasının ən vacib məsələlərindən hesab olunduğunu vurğuladı.

Sonda məruzəçi qeyd etdi ki, informasiya texnologiyalarının linqvistikada tətbiqi mətnlərin avtomatik daxil edilməsi, şifahi nitqin analizi və sintezi, mətnin avtomatik emalı, dilin kompüter tədrisi, linqvistikada hipermətn texnologiyalarının tətbiqi, eləcə də sənədlərin avtomatik indeksləşdirilməsinə xidmət edir.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024