AMEA Fizika İnstitutuna AzScienceNet şəbəkəsinin virtual maşınlarından istifadə hüququ verilib 2017-06-08 16:00:00 / MÜHÜM HADİSƏLƏR

AMEA Fizika İnstitutunun innovasiya sektorunun əməkdaşları epitaksial təbəqələrdə (Zn, Sn, Mn)As2) antiferromaqnit-ferromaqnit faza keçidləri ilə bağlı geniş tədqiqat işi aparırlar. Qeyd edilən tədqiqat istiqaməti spin-sahə tranzistorları və yaxın gələcəkdə yeni nəsil informasiya-kommunikasiya texnologiyaları avadanlıqlarının yaradılmasında mühüm perspektivlərə malik spintronika ilə sıx bağlıdır. Epitaksial təbəqələrdə antiferromaqnit-ferromaqnit faza keçidləri ilə əlaqədar tədqiqat işinin əsas hissəsi kompüter modelləşdirilməsi yolu ilə aparıldığından əlavə hesablama resurslarına tələbat yaranmışdır.

Bu səbəbdən AMEA İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet Elm-Kompüter Şəbəkəsinin mütəxəssisləri tərəfindən AMEA Fizika İnstitutunun əməkdaşlarına bir il müddətinə 24 nüvəyə və 16 GB əməli yaddaşa malik olan virtual maşınlardan istifadə hüququ verilib. Bu maşınlar Fizika İnstitutunda epitaksial təbəqələrdə antiferromaqnit-ferromaqnit faza keçidləri ilə bağlı aparılan tədqiqat işlərində qarşıya qoyulan məsələlərin qısa vaxt ərzində həll edilməsinə imkan verəcək.

AzScienceNet şəbəkəsi, həmçinin Fizika İnstitutunu Cloud Computing və Cloud Storage xidmətləri ilə təmin edir. 

Qeyd edək ki, bu yaxınlarda Fizika İnstitutunun Grid mərkəzi fiber-optik kabel vasistəsilə AzScienceNet şəbəkəsinə qoşulmuş və mərkəzin əməkdaşlarına şəbəkənin xidmətlərindən istifadə imkanı təqdim olunmuşdur.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024